Dünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən piylənmə yaxın gələcəkdə qida çatışmazlığı və infeksion xəstəliklər kimi həyat üçün təhlükəli vəziyyətlərin yerini tutacaq. Hazırda piylənmə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin aktual və hər gün bir az daha artan problemidir.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasından bildiriblər ki, klinikanın endokrinologiya şöbəsinin həkim-rezidenti Günel Musayeva bu barədə məlumat verib.
G.Musayeva deyib: “Uşaqlar və yeniyetmələrdə piylənmənin rastgəlmə tezliyinin artması bu problemin yaxın gələcəkdə daha da aktual olacağının göstəricisidir. Bu problemə qadınlara nisbətən kişilər arasında daha çox rast gəlinir. ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin araşdırmasına görə bariatrik cərrahiyyəyə müraciət edənlərin 80 faizini qadınlar təşkil edir. Hamiləlik və klimaks piylənmə üçün risk faktor hesab edilir. Həmçinin piylənmənin etiologiyasında genetik meyillilik, Kuşinq xəstəliyi, hipotiroidizm, insulinoma, aclıq, toxluq, enerji sərfiyyatı idarə mərkəzi olan hipotalamusun zədələnməsi, qida və hərəkət vərdişləri də müəyyən rol oynayır. Normalda kökəlmənin gynoid (qarında piy toplanması) tipi qadınlara, android (yağların bədənin üst qismində toplanması) tipi isə kişilərə xasdır. Qadın və ya kişi olmasından asılı olmayaraq artmış yağ toxuması ürək xəstəlikləri, şəkərli diabet, sonsuzluq, ağ ciyər xəstəlikləri, öd daşı, dəri xəstəlikləri, dayaq-hərəkət sistemi, xərçəng kimi xəstəliklər üçün risk faktorudur. Ümumiyyətlə qida alımı, sərfiyyatı və bədəndə yağın paylanmasına əsas təsiri hormonlar göstərir. Qadınlarda estrogenlərə nisbətən androgenin (kişi hormonu) artımı piylənmənin səbəblərindəndir. Piylənmə qadınlarda postmenopauza dövründə süd vəzi və endometrium xərçənginin yaranmasına səbəb olur. Bunun əsas səbəbi yağ toxumasının androgenləri aromatizasiya edərək, artıq estrogen yaratmasıdır. Piylənmə sonsuzluq, vaxtından əvvəl düşük və riskli hamiləliyin də səbəblərindəndir. Bu problem alimentar olduğu kimi hormonal da ola bilər. Onu da qeyd edim ki, ciddi pəhrizə başlamazdan əvvəl hormonal balansa nəzarət etmək məqsədəuyğundur”.
G.Musayeva piylənmənin müalicəsində etioloji səbəbi aradan qaldırdıqdan sonra pəhriz, idman, davranış və yuxunun tənzimlənməsinə diqqət etməyin vacibliyini vurğulayıb.
azertag.az