Daşkənddə Beynəlxalq tətbiqi incəsənət festivalı keçirilir.
İncəsənət bayramında Türkiyə, Azərbaycan, Çin, Rusiya, Yaponiya, İran, Türkmənistan, Qazaxıstan və digər ölkələrdən həmçinin Özbəkistanın vilayətlərindən gələn gənc və professional rəssamlar, sənətşünaslar iştirak edir.
Ölkəmizi bu sənət bayramında rəssam Vüqar Əliyev təmsil edir. O, sərgi çərçivəsində gənc rəssamlara ustad dərsləri keçəcək.
Vüqar Əliyev deyib ki, festivalda incəsənətin müxtəlif növləri - teatr, milli musiqi mədəniyyəti, bədii tikmə, heykəltəraşlıq, qrafika, nəqqaşlıq, dekorativ tətbiqi sənət, bir sözlə mücərrəd sənət nümunələrindən tutmuş, keramika sənətinə qədər bütün növlər nümayiş etdirilir. Burada həm də bu növlərə aid əsərlər yaradılır.
Festivala qədər xarici ölkələrdən gələn qonaqlar qədim Buxara və Səmərqənd şəhərlərində olub, tarixi abidələrə və məscidlərə baxıblar.
Festival aprelin 21-də başa çatacaq.
azertag.az