Aprelin 19-da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Kəlbəcərlilər dövlət və dövlətçilik naminə” adlı növbəti tədbir keçirilib.
Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək iştirakçıları İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamlayıb.
Həbib Misirov bildirib ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qazandığı inamlı qələbə ölkəmizdəki xalq-iqtidar birliyinin bariz nümunəsidir. O, ölkə vətəndaşlarının seçkilərdə yüksək fəallıqla iştirak etdiyini, seçkilərin şəffaf və ədalətli keçirildiyini, hər bir namizədə bərabər imkanların yaradıldığını qeyd edib. Seçkiləri müşahidə edən yerli və xarici müşahidəçilərin mütləq əksəriyyətinin prosesə düzgün qiymət verdiyini vurğulayan natiq bildirib ki, bəzi müşahidəçilər məqsədyönlü şəkildə öz qərəzli münasibətlərini ifadə etdilər. Əlbəttə ki, bu, qərəzli və reallıqdan uzaq münasibət idi.
Həbib Misirov bildirib ki, kəlbəcərlilər də bütün Azərbaycan vətəndaşları kimi seçkilərdə aktiv iştirak etdilər və doğru seçim edərək sabitliyə, inkişafa və tərəqqiyə səs veriblər: “Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün ölkədə uğurla davam etdirilir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm addımlar atır. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün də Gəncə, Yevlax, Qəbələ, Bərdə, Tərtər və digər bölgələrdə müasir qəsəbələr salınıb”.
Natiq qeyd edib ki, dövlət başçısı ilə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, onların sosial rifahının yaxşılaşdırılması üçün mühüm işlər görür.
Tədbirdə Əməkdar Jurnalist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı, yazıçı-publisist Məhəmməd Nərimanoğlu, Kəlbəcərli gənc fəal Rəşad Təhməzli və başqaları əminliklərini ifadə ediblər ki, ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə növbəti yeddi ildə daha da inkişaf edəcək, Azərbaycan daha böyük uğurlara imza atacaq.
Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanovun Kəlbəcər rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı müraciəti oxunub.
azertag.az