Bakıda “Vektor” Beynəlxalq Nəşrlər Evi tanınmış Azərbaycan şairəsi Sona Vəliyevanın "Qar ətri" (The Smell of Snow) şeirlər kitabını ingilis dilində çap edib. Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitabın redaktoru Henri Braundur.
Topluya şairənin 63 şeiri daxil edilib. Kitab dörd bölmədən ibarətdir - giriş, ev, sevgi və təbiət. Topluya “Ön söz” yazan tərcüməçi deyir: “Qar ətri” kitabı müasir Azərbaycan poeziyasının (XXI əsr) istedadlı nümayəndələrindən biri olan Sona Vəliyevanı ingilisdilli oxucularla tanış etmək məqsədi daşıyır. Kitab, həmçinin ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün də faydalı olacaq. Bu iki kateqoriyadan olan oxucuları nəzərə alaraq, mən şairənin ən yaxşı şeirlərini seçdim və onları şərhlər və izahlarla birlikdə kitaba daxil etdim, çalışdım ki, şərhlərdəki informasiya yükü bir qədər çox olsun”.
“Ön söz”də daha sonra deyilir ki, Sona Vəliyevanın şeirlərində qaldırılan geniş məsələlər, mövzu zənginliyi ciddi sosial və poetik çağırışlar vəd edir. Forma və məzmun yeniliyi, canlı, tutumlu misralar, qafiyəsiz bəndlər... bütün bunlar yeni nəsil Azərbaycan şairlərinin, o cümlədən Sona Vəliyevanın yaradıcılığında nəzərəçarpan xarakterik cəhətlərdir.
Kitaba şairənin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Əsas mövzular ev, sevgi, təbiət və sosial məsələlərlə bağlıdır. Onun şeirləri beynəlxalq dəyərlərə söykənir, bu şeirlərdə, sözün böyük mənasında, sevgi var - Vətənə, evə, ailəyə, Allaha, təbiətə, dosta, azadlıq və tolerantlıq prinsiplərinə... Dünyaya sevgi sayılan dəyərlərin taleyi şairəni narahat edir.
azertag.az