Azərbaycanda Atatürk Mərkəzində tanınmış şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabının təqdimatı keçirilib. Tədbirdə ziyalılar, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak ediblər.
Mərkəzdən bildirilib ki, mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov şairin yaradıcılığından, poetik dünyasının zənginliyindən və özünəməxsusluğundan danışıb: “Zakiri ədəbiyyata, poeziyaya, sonralar formalaşıb poetik “mən”ə çevriləcək insan “mən”i gətirdi. Zakir Fəxrinin həmin o poetik “mən”i yalnız poeziyasında yox, onun məqalələrində, müsahibələrində, dünya poeziyasından çevirdiyi çoxlu sayda poetik tərcümələrində də özünü büruzə verdi. Bu poetik “mən” nə qədər gerçəkliyin mistikasıdırsa, bir o qədər də mistikanın gerçəkliyidir, nə qədər irreallığın reallığıdırsa, bir o qədər də reallığın irreallığıdır”.
Tədbirdə Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Milli Məclisin deputatı Musa Quliyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, professor Qulu Məhərrəmli, akademik Hətəm Quliyev, tənqidçi Vaqif Yusifli, şair Vaqif Bəhmənli və digər qonaqlar şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Bildirilib ki, kitab şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilib. Kitaba müəllifin ingilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.
azertag.az