Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş respublika elmi-texniki konfransı yekunlaşıb.
Ali Məktəbdən verilən məlumata görə, aprelin 30-dan mayın 2-dək davam edən tədbirdə beş bölmə üzrə aktual mövzularda müxtəlif təqdimatlar dinlənilib.
Ümumilikdə, bütün bölmələr üzrə 68 məruzə təqdim edilib, bunun da 35-i BANM-ın tələbələrinə, qalanı isə konfransda iştirak edən 10-a yaxın müxtəlif universitetlərin tələbələrinə aiddir.
BANM-ın rektoru Elmar Qasımov tədbirin artıq 6-ci ildir ki, keçirildiyini söyləyib: "Bu il yalnız BANM-ın hüdudları çərçivəsində deyil, ölkə üzrə müxtəlif universitetlərin iştirakı ilə daha geniş şəkildə baş tutub. BANM-da tələbələri elmi-tədqiqata həvəsləndirən hər bir təşəbbüs dəstəklənir, bilik mübadiləsinin həyata keçirilməsi üçün müxtəlif tədbirlər təşkil olunur. Belə tədbirlərin keçirilməsi tələbələr arasında elmi məlumatın mübadiləsi, onların apardıqları tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması üçün böyük əhəmiyyət daşıyır”.
Konfransın sonuncu günü həmçinin tələbələrin məruzələrinin qiymətləndirilməsi və mükafatlandırılması keçirilib. Ümumilikdə, beş bölmə üzrə 7 tələbə birinci dərəcəli, 9 tələbə isə ikinci dərəcəli diplomla təltif edilib. Daha 9 tələbənin məruzəsi isə xüsusi mükafata layiq görülüb. Ali Məktəbin rektoru Elmar Qasımov qaliblərin hər birini təbrik edərək onlara konfransda qazandıqları nailiyyətə görə diplomları verib.
Qeyd edək ki, qalib iştirakçıların 9-u BANM-ın, 16-sı isə digər universitetlərin tələbələridir. Konfransda öz məruzələri ilə qalib olan tələbələr eyni zamanda BANM-ın əməkdaşlıq etdiyi, neft-qaz sektoru üzrə fəaliyyət göstərən bir çox transmilli şirkətlərin nümayəndələri tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.
report.az