Dünya Limanlar Konfransına 64 ölkədən 355 iştirakçı qatılacaq
2.5.2018

Mayın 8-11-də Bakıda keçiriləcək Dünya Limanlar Konfransına (IAPH Baku 2018) 64 ölkədən 355 iştirakçı qatılacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildiriblər ki, Bakı konfransı “Gələcəyin limanları: qovşaqlar yaratmaqla, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

Dünya Limanlar Konfransı Los-Anceles, Sidney, Hamburq, Panama, Bali kimi iri liman şəhərlərindən sonra ilk dəfə Mərkəzi Asiya məkanında - Xəzər dənizinin ən iri və ən qədim liman şəhəri olan Bakıda keçiriləcək.

Konfransda limanlar və logistika sahəsində sabitlik və təhlükəsizlik, innovativ avadanlığın tətbiqi, baş verən dəyişikliklərin ətraf mühitə təsiri məsələləri, informasiya texnologiyaları və logistik əməliyyatlar müzakirə ediləcək, qlobal və regional ticarət məsələlərinə dair maraqlı diskussiyalar aparılacaq, maddi-texniki məsələlər və bir çox digər mövzular təhlil ediləcək.

Konfransda “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyemin, “Forbes” və “BBC World”un əməkdaşı Ueyd Şepardın, “FMP Associates Ltd”nin direktoru və ”Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profittin, Triyest limanının prezidenti Zeno-d`Aqostinonun, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın, “Port of Le Havre”nin baş direktoru Erve Martellin, Şanxay Universitetinin professoru Teo Teotetomun çıxışları nəzərdə tutulub.

Maraqlı forum və diskussiyalarla yanaşı, “IAPH Baku 2018” konfransının iştirakçıları üçün əyləncəli tədbirləri və maraqlı ekskursiyaları nəzərdə tutan mədəni proqram hazırlanıb.

Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. IAPH hər il iri liman şəhərlərində konfranslar təşkil edir. Əvvəlki konfranslar Los-Anceles (2013), Sidney (2014), Hamburq (2015), Panama (2016) və Balidə (2017) keçirilib.


azertag.az