İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı “Əli və Nino” əsərinin motivləri əsasında yeni tamaşa hazırlayıb.
Mayın 1-də Tbilisidəki Şota Rustaveli Teatrında tamaşanın premyerası olub.
Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əldə olunmasının 100 illiyinə həsr edilmiş tamaşanın premyerasında ölkəmizin səfirliyinin əməkdaşları, Gürcüstan rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
İvane Maçabeli adına Tsxinvali Akademik Dövlət Dram Teatrının bədii rəhbəri və tamaşanın rejissoru Qoça Kapanadze jurnalistlərə müsahibəsində bildirib ki, səhnə əsəri Gürcüstan Mədəniyyət Nazirliyinin layihəsi əsasında hazırlanıb. Yaxın vaxtlarda tamaşanın Bakıda, mayın 19-da isə Gürcüstan parlamentində da nümayişi nəzərdə tutulub. Q.Kapanadze deyib: “Romanın və tamaşanın əsas süjet xəttini məhəbbət, sevgi tutur. Bilirsiniz ki, həyatda hər cür hadisələr olur. Amma hər bir hadisə əgər sevgi ilə bitirsə xoşbəxtlik olur. Bu romanın da əsas üstünlüyü odur ki, hadisələrin sonu məhəbbətlə bitir və məhəbbət hər şeyə qalib gəlir”.
Tamaşada rolları gürcü aktyorlar ifa ediblər.
Qeyd edək ki, Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir.
Əsərdə, həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr də təsvir olunub.
azertag.az