Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında müxtəlif maneəli hərəkətlər üzrə avtomobil sürmə və kiçik çaplı odlu silahdan güllə atıcılığı yarışı keçirib.
Dövlət himni səsləndirildikdən sonra giriş sözü ilə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini polkovnik, Şahvələd Əliyev yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində keçirilməsindən məmnunluğunu bildirib. Ənənəvi olaraq hər il ulu öndərin ad günü ilə bağlı Cəmiyyət bir çox tədbirlər keçirir. Azərbaycan Ordusu üçün mütəxəssis-əsgərlərin hazırlanması kimi şərəfli missiya Cəmiyyətin üzərinə düşür. Bu baxımdan belə yarışların gənclərin, müdavimlərin hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslarla yanaşı, onların hərbi vətənpərvərlik ruhunun, intellektual səviyyələrinin və hərbi biliklərinin yüksəldilməsinə, çağırışaqədərki hazırlıqlarına xidmət edir. Cəmiyyət hər zaman hərbi vətənpərvərlik tədbirlərinin keçirilməsinə böyük önəm verir.
Polkovnik ölkəmizin qazandığı uğurlardan söhbət açıb, Azərbaycanda keçirilən beynəlxalq yarışların əhəmiyyətini xüsusi vurğulayıb.
Ölkəmizdə aparılan ordu quruculuğundan söhbət açan Ş.Əliyev deyib ki, Azərbaycanda nizami ordu yaranıb. Ordumuz ən müasir silah-sursatla təchiz olunub. Cəmiyyət hər zaman hərbi vətənpərvərlik tədbirlərinin keçirilməsinə böyük önəm verir. Yarış iştirakçılarına uğurlar diləyirəm.
Cəmiyyətin sədri Niyazi Eynalov ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə gənclər siyasətinə toxunub. O, gənclərimizin vətənpərvər, müasir, fiziki sağlam, hərbi bilikli, yüksək intellektli qüvvə kimi formalaşmasının təminatçısının ulu öndər olduğunu deyib, Heydər Əliyevin “Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir” sözlərinin hər bir vətəndaşımızın yaddaşına həkk olunduğunu diqqətə çatdırıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin gənclər siyasətinə eyni diqqətlə yanaşdığını deyən cəmiyyət sədri, gənclərdə hərbi vətənpərvərlik şüurunun və hissinin formalaşdırılması sahəsində mühüm vəzifələr müəyyənləşdirildiyini bildirib. O, hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi sahəsində Prezidentin qarşıya qoyduğu vəzifələri cəmiyyətin fəaliyyət proqramı kimi qəbul etdiklərini deyib.
Yarışın əhəmiyyətinə toxunarkən, ən böyük mənəvi borc olan Vətənə xidmət zamanı şəxsi məsuliyyət hissinin daha da yüksəldilməsinin, sürücüyə lazım olan keyfiyyət və vərdişlərin praktik olaraq formalaşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra yarış açıq elan edilib, Cəmiyyətin Bakı şəhərindəki filiallarını təmsil edən xüsusi hərbi ixtisaslı sürücü müdavimlər 5 tapşırıqdan ibarət yarış boyunca 3 elementdən ibarət ilanvari yolda hərəkət, səkkiz trayektoriyası üzrə maneələrə toxunmadan hərəkət, dairəvi yola çıxış marşrutu üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışın tərkib hissəsi olaraq müdavimlər kiçik çaplı odlu silahla 25 metr məsafəyə dəqiq atəşaçma yarışına çıxıblar.
Böyük marağa səbəb olmuş yarışda cəmiyyətin təlim-tədris imkanları nümayiş etdirilib. Yarışın yekunlarına görə Cəmiyyətin Binəqədi rayon 1 nömrəli filialının komandası 116 balla 1-ci nəticə, Sabunçu rayon filialının komandası 102 balla 2-ci nəticə, Nəsimi rayon 1 nömrəli filialının komandası isə 91 balla 3-cü nəticə göstərərək qalib olublar.
Fərqlənən komandaların üzvləri Cəmiyyətin diplomu, kuboku və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
trend