Mədəniyyət naziri Əbülfəs Qarayev San-Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildirilib ki, Ə.Qarayev ölkəmizdə həyata keçirilən beynəlxalq mədəniyyət tədbirləri barədə qonaqlara məlumat verilib. Qeyd edib ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu özünün böyük mədəni irs nümunələrini yaradıb, gələcək nəsillərinə ötürüb. Bu mədəni irs nümunələri xalqımızın tarixini təcəssüm etdirməklə yanaşı, ölkəmizə gələn xarici qonaqların da diqqətini cəlb edir.
Ə.Qarayev Avropa İttifaqının Tvinninq layihəsindən söz açaraq deyib ki, layihənin məqsədi diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır.
Sonra nazir Bakıda ənənəvi təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqlara məlumat verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi”nə toxunan nazir bu layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini və əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, Azərbaycan bu sahədə San-Marino ilə də əməkdaşlığın genişləndirilməsinə önəm verir: “Əsrlər boyu Azərbaycanda insanlar müxtəlif mədəniyyətlərin daşıyıcıları kimi mehriban və qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm, etnik və dini müxtəliflik bizim xalqımızın sərvətidir. Bu gün də Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Biz öz təcrübəmizi başqaları ilə bölüşməkdən qürur duyuruq. Bunun üçün “Bakı Prosesi” önəmli platformadır”.
Nazir San-Marino ilə mədəni əlaqələri gücləndirmək, təcrübə mübadiləsini təşkil etmək üçün böyük perspektivlərin olduğunu da diqqətə çatdırıb.
San- Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi də öz növbəsində nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. O vurğulayıb ki, ölkəsi Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıdır.
Qeyd olunub ki, San-Marino da mədəniyyətlərarası dialoqa xüsusi önəm verir, bu istiqamətdə də bir sıra tədbirlərə ev sahibliyi edir.
Qonaq Azərbaycanla mədəni əlaqələrin, o cümlədən Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal işləməyə çalışacaqlarını diqqətə çatdırıb.
azertag.az