“Altın qalam” müsabiqəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də jurnalistləri mükafatlandırıb
4.5.2018

Daşkənddəki “Türküstan” sarayında ХIII Beynəlxalq “Altın qalam” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Özbəkistan parlamenti Senatının və Ali Məclisinin üzvləri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Sadulla Xakimov bu münasibətlə jurnalistləri təbrik edib. O deyib ki, bugünkü müsabiqəyə 523 jurnalist 7100 material təqdim edib. Münsiflər heyətinin üzvləri müxtəlif nominasiyalarda ən yaxşı materialların müəlliflərini bu mükafata layiq görüb.

Sonra mükafatlar qaliblərə təqdim edilib.

Bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, UNESCO-nun, Dünya Bankının Özbəkistandakı nümayəndəlikləri, həmçinin Amerika Birləşmiş Ştatları, Çin və Türkiyənin səfirlikləri də jurnalistlərə diplomlar və fəxri fərmanlar, hədiyyələr təqdim edib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov özbək jurnalistləri ilə əməkdaşlığından danışıb, bu nüfuzlu mükafatı alan jurnalistləri təbrik edib, onlara uğurlar arzulayıb. O, “Dunyo boylab” televiziyasının əməkdaşı Gülsara Saqatovaya “Özbəkistan və Azərbaycan Böyük İpək Yolunda: qədim dövrdən müasir günümüzə qədər”, “Nargiz.uz” portalında yayılmış materiallara görə isə Nərgiz Qasımovaya “Çoxmillətli və tolerant ölkələr - Özbəkistan və Azərbaycan” nominasiyalarında fəxri diplomlar təqdim edib. Onlara, həmçinin bu il ərzində istədikləri vaxt Azərbaycana səfər etməklə bağlı sertifikat verilib.


azertag.az