Azərbaycanın sığorta bazarında mediasiya sisteminin qurulmasına başlanılıb
7.5.2018

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçılarla sığortalılar arasında mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı görüş keçirilib.

Görüşdə qurumun sədri Mustafa Abbasbəyli, birliyin digər nümayəndələri, sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri, o cümlədən, mübahisələrin məhkəmədən kənar həllini həyata keçirməyi nəzərdə tutulan mediasiya şirkətinin nümayəndələri iştirak ediblər.

Sığorta mübahisələrinin məhkəmədən kənar həlli sistemi ilə bağlı sığorta şirkətləri üçün təqdimat edilib, daha sonra geniş müzakirə aparılıb. Mediator şirkətin təklif etdiyi həll üsulu ilə sığorta mübahisələrinin operativ qaydada – bir gün ərzində həlli nəzərdə tutulub. Mürəkkəb və xüsusi araşdırma tələb edilən hallarda bu müddət 30 günə qədər uzadıla bilər. Belə ki təklif edilən həll mexanizmi sığorta mübahisəsinin həlli istiqamətində mediator şirkətə müraciət edilən zaman mediatorun əvvəlcə hər iki tərəflə - sığortalı və sığortaçı ilə birlikdə, sonra isə onlarla ayrılıqda görüşünü nəzərdə tutur. Tərəflərlə birlikdə yenidən görüş keçirilməsi və razılaşma əldə edildiyi təqdirdə “Barışıq sazişi”nin bağlanması sistemin fəaliyyətində növbəti addım olaraq müəyyən edilib.

Qeyd edək ki, mediasiyadan beynəlxalq təcrübədə sığorta mübahisələrinin həllində çox geniş şəkildə istifadə edilməkdədir. Yekunda sığortaçılar arasında mediasiya sisteminin müəyyən müddət ərzində pilot layihə olaraq həyata keçirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə əsasən ölkədə mediasiya sisteminin qurulması tələb kimi müəyyən edilib.

report.az