Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayır.
Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, Azərbaycanda ilk dəfə həyata keçirilən bu tədbir Astarada reallaşdırılacaq. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunur.
Y.Abdiyeva bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı Azərbaycanın Astarada pasiyentlərə tibbi xidmət göstərəcək. Mərkəzin Heydər Əliyev Fondunun Regional inkişaf ictimai birliyi ilə birgə keçirdiyi, mayın 8-dən 12-ə kimi davam edəcək tədbirdə məqsəd operativ şəkildə astaralı pasiyentləri müayinə-müalicə etmək, ehtiyac olanların üzərində cərrahiyə əməliyyatı aparmaqdır: "Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq. İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək".
Y.Abdiyeva əlavə edib ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Qatarda yerləşən Dəmiryolu Səyyar klinikası müasir oftalmolojı avadanlıqlarla təchiz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar Klinika üç hissədən - texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi aparatlar var. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor, lensmter və s. təşkil edilib. Həmçinin istirahət üçün və qeydiyyat üçün otaqları və sanitariya otağı fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya İtaliya kimi ölkələrdən olan şirkətlərə məxsusdur.
Y.Abdiyeva bildirib ki, Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. 2005-ci ildən mərkəzin Səyyar Klinikası mütəmadi olaraq respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bu günə qədər yerlərdə 2 mindən çox əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb.
trend.az