Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün martın 5-də və aprelin 18-də elan edilmiş daxili müsahibələrdə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və Müəllif Hüquqları Agentliyində (indiki Əqli Mülkiyyət Agentliyi) yüksək vəzifələr müsahibəyə çıxarılıb. Təqdim olunan ən yüksək vakant vəzifələr Müəllif Hüquqları Agentliyində sektor müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində isə sektor müdiri və regional bölmələrin rəhbəri vəzifələridir.
Qeyd edək ki, yuxarıda qeyd olunan dövlət orqanları tərəfindən vakansiyaya çıxarılan 28 vakant vəzifə üzrə müsahibədə iştirak üçün 31 nəfər qeydiyyatdan keçib. Onlardan 23-ü vakant vəzifəyə uyğun hesab edildiyi halda, 7 namizəd vəzifə üçün uyğun hesab edilməyib. Bir namizəd isə müsahibədə iştirak etməyib.
azertag.az