Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sözügedən tamaşanın nümayişi “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının çərçivəsində reallaşıb.
Tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın ümummilli lider Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və milli peşəkar teatrın 145 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri də iştirak edirlər. T.Heydərov bu cür beynəlxalq tədbirlərin mədəniyyətlərin yaxınlaşmasına, teatr kollektivləri arasında işgüzar əlaqələrin qurulmasına xidmət etdiyini vurğulayıb.
Sonra monotamaşaya baxış olub.
Lənkəranlılar tərəfindən sürəkli alqışlarla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Tək adamlıq psixoloji oyun dramı olan "Cəza" tamaşasında əsas və yeganə rolu Əməkdar Artist Kəmalə Hüseynova ifa edir.
Tamaşadan sonra Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidova maraqlı və məzmunlu tamaşaya görə Beynəlxalq Teatr Festivalının diplomu təqdim olunub.
azertag.az