Paytaxtın Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsində təmir işlərinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 metr, eni isə 10-27 metr arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.
Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə 2 laydan ibarət və 10000 kvadratmetr sahəni əhatə edən yeni asfalt-beton örtüyü döşənəcək. Bundan başqa, küçədə yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılacaq, köhnələri isə yenisi ilə əvəzlənəcək.
İşlərin sonuncu mərhələsində küçəboyu zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yolun üfüqi nişanlanma xətləri çəkildikdən sonra Şəfayət Mehdiyev küçəsinin bu hissəsi yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qeyd olunub ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1,7 kilometrlik hissəsi təmir edilib.
azertag.az