Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Marqarita və Arman” baleti nümayiş etdiriləcək
21.5.2018

Mayın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Marqarita və Arman” baleti nümayiş etdiriləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, səhnə əsərində Timur Əsgərov Armanın partiyasını ifa edəcək. Frederik Aştonun quruluş verdiyi baletdə Ferens Listin musiqisindən istifadə edilib. Səhnə əsərinin dünya premyerası 1963-cü il martın 12-də Londonda Kral Opera Teatrında olub. Balet Mariya Teatrında ilk dəfə 2014-cü il iyulun 8-də oynanılıb.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrollarda olub.


azertag.az