Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə tələbələri Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.
BDU-dan bildiriblər ki, görüşdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Mərkəzin müdiri ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin gündən-günə genişləndiyini, ərəb dili mütəxəssislərinə tələbatın artdığını diqqətə çatdırıb. O, mərkəzdə tələbələr üçün ödənişsiz ərəb dili danışıq kursunun təşkil ediləcəyini söyləyib.
Sonra Misir Ərəb Respublikası haqqında film nümayiş etdirilib.
Görüşdə tələbələrə kitablar təqdim olunub.
azertag.az