Ömrü uzadan məhsullar. Yeyin ki, çox yaşayasınız!
8.8.2018

Alimlər insan həyatını uzatmağa kömək edən məhsulların adını açıqlayıb.

Bu məhsulların siyahısını təqdim edirik:

- Balıq

Zülal, Omeqa-3 və Omeqa-6 yağlı turşular və bir çox digər faydalı maddələrlə zəngin olan balıq uzunömürlülərin məhsulu sayılır. Balıq orqanizm tərəfindən çox asan mənimsənilir və orqanizmi yükləmir.

Mütəxəssislər həftədə ən azı 2 dəfə balıq yeməyi tövsiyə edirlər.

- Paxlalılar (lobya, mərci, noxud)

Bu məhsulların müntəzəm istehlakı ürək-damar xəstəliklərinin riskini xeyli azaldır, bağırsaqların fəaliyyətinə müsbət təsir edir, orqanizmi ziyanlı maddələrdən (toksinlər, azad radikallar, ağır metalların duzları və s.) təmizləyir.

- Qoz, fındıq, badam, araxıs

Beyinin cavanlığını qoruyan, damarların sağlamlığına müsbət təsir edən qoz-fındıq insan ömrünü uzadan əsas məhsullardan biri sayılır.

Mütəxəssislər hər gün 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.

- Ədviyyatlar (çili, sarımsaq, darçın, zəncəfil və s.)

Müxtəlif ədviyyatlardan tez-tez istifadə etmək sağlamlığa çox müsbət təsir edir. Ədviyyatlar mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, xolesterinin səviyyəsini tənzimləyir, mübadilə proseslərini yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir.

- Qara şokolad

Antioksidantlarla zəngin olan təbii qara şokolad damar və ürəyin sağlamlığını qoruyur, sinir sisteminə müsbət təsir edir, stresləri azaldır.

- Qəhvə

Mütəxəssislər sübut edir ki, qəhvənin gündəlik istehlakı "istənilən səbəblərə görə" ölüm riskinin azalmasına yardım edir.

Buna əks-göstərişlər yoxdursa, gün ərzində 1-3 fincan qəhvə içmək olar.


Saglamolun.Az