Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
10.8.2018

Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində çıxış edəcək. Bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində üçüncü konserti olacaq. Musiqi kollektivi 2014-cü və 2016-cı illərdə Azərbaycandakı tamaşaçılarına maraqlı repertuar, peşəkar ifa və bayram ovqatlı konsert proqramı təqdim edib. Hər iki konsert anşlaqla keçib.

Noyabrın 26-dakı konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri ifa olunacaq.

Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçəcək. O, dirijorluqla yanaşı, həm də skripkada ifa edəcək.

1978-ci ildən fəaliyyət göstərən orkestr Ştraus Festival Orkestri Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.

Peter Qut Vyana Musiqi Akademiyasında təhsil alıb, daha sonra üç il Moskva konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın sinfində məşğul olub. О, mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə birgə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq edir. Peter Qut dirijor və skripkaçı kimi hazırda bütün dünyada məşhurdur.

Vyana Ştraus Festival Orkestrinin noyabrın 26-da Heydər Əliyev Mərkəzində keçəcək konsertinə biletlərin qiyməti 30-180 AZN arasındadır. Biletləri Mərkəzin kassasından və iTicket.az satış məntəqələrindən əldə etmək olar.


azertag.az