Azərbaycanın Əməkdar artisti İstanbulda konsert proqramı ilə çıxış edib
13.8.2018

Azərbaycanın Əməkdar artisti pianoçu, bəstəkar, dirijor Turan Manafzadə İstanbulda "All Saints" Kilsəsində konsert proqramı ilə çıxış edib. O, səhnəni türk əsilli gənc skripka ifaçısı Mevsim Engin ilə bölüşüb.

Konsertdə dünya klassiklərinin əsərləri ilə yanaşı, fransız bəstəkar Claude Debussy və Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərləri də ifa olunub. Əməkdar artist Turan Manafzadə konsert proqramında öz bəstələrini də səsləndirib. “Qəlbimə düşər damcılar”, “Sən eşqin özüsən” və “Ay Laçın” mahnıları dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Konsert proqramı gənc sənətçilərin ifasında “Sarı gəlin” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Turan Manafzadə 2017-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb.


azertag.az