Balakən rayonunun fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 6 min tona yaxın fındıq tədarük olunması gözlənilir.
Bu barədə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Belə ki, son üç ildə rayonda 3 min 968 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 9 min 634 hektara çatdırılıb. Ötən il Balakənin fındıq bağlarından 5 min 385,7 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıq satışından 14,5 milyon manat gəlir əldə edib.
Qeyd edək ki, hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2 manat 30 qəpikdən başlayır.
azertag.az