Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən daha dörd gənc – Xeyransa Rüstəmova (Neftçala rayonu), Emin Abbasov (Quba rayonu), Həbibə Ələkbərova (Gəncə şəhəri) və Elxan Qələndərov (Bakı şəhəri) ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə göstəriblər.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin gənclər vaxtaşırı olaraq mərkəzdə stasionar şəraitdə bərpa müalicə xidmətləri ilə təmin edilirlər. Mərkəzdə bərpa müalicəsi alan daha bir neçə gənc isə orta-ixtisas təhsili müəssisələrinin tələbələri sırasına qoşulub.
Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün nəzərdə tutulan və müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradıldığı Uşaq Bərpa Mərkəzində uşaqların tədris-peşə reabilitasiyası üçün də ayrıca şöbə fəaliyyət göstərir. Burada müəyyən müddət ərzində stasionar şəraitdə bərpa müalicə kursunda olan uşaqların təhsil almaları üçün xüsusi müəllimlər tərəfindən tədris işləri aparılır. Eləcə də uşaqlar musiqi və əmək terapiyasına cəlb olunur, onlarda əl işləri hazırlamaq bacarıqları, əmək vərdişləri formalaşdırılır.
Cari ilin 7 ayında Uşaq Bərpa Mərkəzində 1832 uşağa - 705 nəfərə stasionar, 1127 nəfərə ambulator qaydada reabilitasiya xidmətləri göstərilib.
azertag.az