Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
17.8.2018

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qəbuldan əvvəl nazir və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

S.Babayev qəbula yazılmış 64 vətəndaşın hər birini fərdi qaydada qəbul edib. Müraciətlərdə bu və ya digər sosial təminat növünə hüququn olub-olmaması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlbedilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı şəxslərin mənzillə və minik avtomobilləri ilə təmin edilməsi, əlilliyin qiymətləndirilməsi və s. məsələlər yer alıb. Bu məsələlərin hər biri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb, qanunvericlik çərçivəsində yerindəcə konkret tədbirlərin görülməsi təmin olunub. Bir sıra şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunmaq, bərpa müalicəsinə köməklik, peşə hazırlığına cəlb edilmək və s. üçün qeydiyyata alınıblar. Bir neçə vətəndaşa əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib. Bir sıra işsiz və işaxtaran şəxslərin isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunması qərara alınıb.

S.Babayev nazirliyin məşğulluq orqanları tərəfindən bu ilin 7 ayında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında 2233 nəfərin məşğulluğunun təmin edildiyini, 300-ə yaxın şəxsin peşə hazırlığına cəlb olunduğunu bildirib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində bu il bu beş rayon üzrə 323 nəfərin kiçik ailə təsərrüfatlarının qurulmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamının Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində tədbirlərin daha da gücləndirilməsinə imkan yaratdığını vurğulayan S.Babayev İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında da bu sahədə işlərin davam etdirildiyini vurğulayıb.

Nazir bu bölgədə də “DOST” mərkəzlərinin yaradılacağını, sakinlərin həmin mərkəzlərdə nazirliyin xidmətlərindən daha rahat və sadə prosedurlar əsasında faydalanacağını qeyd edib. O, eləcə də istənilən şəxsin hazırkı və gələcəkdə yarana biləcək bu və ya digər sosial təminat hüququ barədə həmin mərkəzlərdə məlumat ala biləcəyini, hər hansı belə hüququ mövcud olduğu halda bu hüququn elə mərkəzlərin özündəcə operativ şəkildə reallaşdırılacağını diqqətə çatdırıb.

Qəbul zamanı vətəndaşlar sosial müdafiə tədbirlərinin ildən-ilə gücləndirilməsinə, əhaliyə dövlət xidmətlərinin keyfiyyətinin artırılması, əhalinin bu xidmətlərdən daha rahat və asan, eyni zamanda, şəffaf şəkildə faydalana bilmələri üçün şərait yaradılması istiqamətində görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

S.Babayev İsmayıllı Rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaranlar üçün müasir üsullar əsasında xidmətlərin göstərilməsi üçün yaradılmış şərait və bu sahədə aparılan işlər, əmək bazarı ilə bağlı daim yenilənən informasiya bazası və s. ilə də tanış olub.


azertag.az