Cümhuriyyətin 100 illiyi Kaliforniyada qeyd edilib
24.8.2018

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin tarixi müqəddəs Con Lüteran kilsəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Los-Ancelesdəki baş konsulluğumuzdan bildirilib ki, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərləri səsləndirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarova bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniyanın paytaxtında keçirilməsindən məmnun olduğunu bildirib. O, ölkəmiz haqqında tədbir iştirakçılarına məlumat verərək, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verib. Deyib ki, 100 il əvvəl müsəlman Şərqində ilk müstəqil respublika məhz Azərbaycanda yaranıb. Diplomat bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.

O.Rüstəmli, həmçinin ölkəmizin zəngin mədəniyyəti və incəsənəti, xüsusilə Azərbaycan klassik musiqisi barədə danışaraq, Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu diqqətə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib.


azertag.az