Xalq yazıçısı Elçinin “Baş” romanı Türkiyənin “İş Bankası Kültür Yayınları” nəşriyyatında nəfis tərtibatda çap edilib.
Nəşriyyat əsərlə bağlı geniş şərhlər verməklə, müəllifi oxuculara “Modern ədəbiyyatın ən önəmli təmsilçilərindən” biri kimi təqdim edib. Türk dilinə Azad Ağaoğlu tərəfindən çevrilən roman Elçinin qardaş ölkədə nəşr edilmiş 26-cı kitabıdır.
“Baş” romanı xarici ölkələrdə böyük maraqla qarşılanmaqdadır. Belə ki, əsər rus dilində Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında çap olunub, “Yunost” jurnalında və məşhur “Roman-qazeta”da təkrar dərc edilib. Əsər Qahirədə ərəb dilində, Berlində alman dilində, Kişinueda moldav dilində yerli oxuculara təqdim olunub, London və Romada isə ingilis və italyan dillərində nəşrə hazırlanır.
İki il öncə roman çapdan çıxarkən mövzusu, orijinallığı və yüksək bədii xüsusiyyətlərinə görə oxucuların dərin marağına səbəb olmuşdu. Ədəbi ictimaiyyət əsəri ədəbiyyatımızın yeni uğuru kimi qiymətləndirmişdi.
Qeyd edək ki, “Baş” romanında Azərbaycan xanlıqlarının idarə olunması, əhalinin yaşayışı və üzləşdiyi çətinliklər, eləcə də həmin dövrdə xalqımızın mədəni-məişət həyatı zəngin bədii koloritlə, obrazların dili ilə oxucuya çatdırılır. Əsər oxucunu XIX əsrin əvvəllərinə aparır. Bakıda və Qarabağda cərəyan edən, Sankt-Peterburqda, İranda baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini yaradır.
azertag.az