Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu teatr mövsümünün başlanması ilə əlaqədar qurumun bütün əməkdaşları ilə geniş tərkibli iclas keçirilib.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, tədbiri direktor Əliqismət Lalayev açaraq ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, qarşıda duran vəzifələrdən danışıb.
O qeyd edib ki, bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar: "Nümayiş etdirdiyimiz tamaşalar müxtəlif ölkələrin teatr xadimləri, səfirləri və onların nümayəndələri, həmçinin ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, sənət adamlarının çox böyük marağına səbəb olub".
Ə.Lalayev vurğulayıb ki, bu il “Bağdadda bir gün” (V.Kolmonovski, E. Sabitoğlu,) “Balaca şahzadə” (A.S. Ekzüperi), “Paris Noterdam kilsəsi” (V.Hüqo) kimi yeni tamaşaların premyeraları nəzərdə tutulur.
Tədbirdə xalq artistləri, "Şöhrət” ordenli Afaq Bəşirqızı və İlham Namiq Kamal çıxış edərək yeni başlayan teatr mövsümündə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Müzakirələrdə teatrın yaxın 4 ay üçün repertuar planı təsdiq olunub, hazırlanacaq yeni tamaşalar barədə məlumat verilib.
report.az