Sentyabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Artyom Temnikovun “Qan” filmi nümayiş ediləcək.
Xronometrajı 106 dəqiqə olan ekran əsəri bir-biri ilə əlaqəni bərpa etmək üçün mürəkkəb mənəvi yollar keçən iki qardaş haqqındadır. Hadisələr müasir Moskvanın mərkəzində cərəyan edir. Gənc rəssam Valeri Romeyev küçələrdə portret çəkməyə məcburdur. Ukraynanın şərqində yerləşən kiçik bir şaxtaçılar şəhərində yaşadığı qayğısız uşaqlıq illəri qurtardıqdan sonra o, amansız meqapolisdə özünü sınamaq üçün əlindən gələni edir. Kömək tapmaq ümidi ilə Romeyev, ata yurdunu çoxdan tərk edib ailəsi ilə əlaqəsini kəsmiş uğurlu iş adamı olan böyük qardaşını - Vadimi axtarır. Film rus dilində nümayiş olunacaq.
Qeyd edək ki, rejissor və ssenarist kimi tanınan Artyom Temnikov 1993-cü ildə Rusiya Kinematoqrafiya Komitəsinin Ümumrusiya Kino İşçilərinin Təkmilləşdirmə İnstitutunun rejissorluq bölməsini bitirib. Televiziya üçün ssenarilər yazıb və rejissor kimi sənədli filmlər çəkib, eləcə də səyahət və kəşflər haqqında “Vokruq sveta”, “Russkiy ekstrim”, “V poiskax priklüçeniy” və digər televiziya proqramlarını hazırlayıb. 90-dan artıq ölkədə onlarca teleproqram və sənədli filmlər çəkən rejissor 2006-cı ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür.
azertag.az