Sentyabrın əvvəli ənənəvi olaraq teatrlarda yeni mövsümün sənət həyəcanı yaşanır. Yaradıcı kollektivlər artıq istirahətdən qayıdaraq yaradıcı işə başlayıb. Bu dəfə də teatrların yeni mövsümdə təqdim edəcəkləri repertuarı oxucularla bölüşürük.
Milli Dram Teatrında ənənəvi açılış – “Qarabağnamə”
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu il də ənənəsinə sadiq qalaraq yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açacaq. Teatrdan bildirilib ki, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan tamaşa sentyabrın 15-də nümayiş olunacaq. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla dinc münasibətləri bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Gənc Tamaşaçılar Teatrı 90 illik yubileyə hazırlaşır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.
Prezident İlham Əliyevin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90 illiyinin qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirin rejissoru Xalq artisti Vaqif Əsədovdur. Yeni mövsümdə ilk tamaşalar isə sentyabrın 22-də nümayiş olunacaq. Gündüz uşaqlar üçün P.Cullifordun “Şirinlər” tamaşası göstəriləcək. Axşam isə Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış səhnə əsəri təqdim ediləcək.
Hazırda kollektiv M.Servantesin “Don Kixot” əsəri əsasında tamaşanın məşqlərini davam etdirir. Həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayır.
Musiqili Teatr mövsümü
“O olmasın, bu olsun”la açacaq
Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə sentyabrın 20-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkil etdiyi Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” tamaşası ilə start verəcək. Üzeyir bəyin bu ölməz əsəri Xalq artisti Afaq Bəşirqızının (Sənəm) və Əməkdar artist Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.
Sentyabrın 22-də “Arşın mal alan” (Ü.Hacıbəyli), 23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşaları nümayiş olunacaq. Yaradıcı kollektiv sentyabrın axırıncı həftəsonu – ayın 28-də “Ər və arvad” , 29-da “Mən dəyərəm min cavana”, 30-da isə “Bankir adaxlı” səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.
Opera və Balet Teatrı ənənəsinə sadiqdir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır. Sənət ocağında mövsüm ənənəvi olaraq sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açılacaq. Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü. Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edəcək.
Festival çərçivəsində, həmçinin sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, 23-də isə M.Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq. Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin “Leyli və Məcnun” və “Don Kixot” baletlərini seyr edə biləcəklər. Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Ü. Hacıbəylinin “Arşın mal alan” teatrsevərlərin ixtiyarına veriləcək. Sentyabrın 30-d isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.
Sumqayıt Dövlət Dram Teatrının yubiley mövsümü
Bu il yaranmasının 50-ci ildönümü tamam olan Sumqayıt Dövlət Dram Teatrının kollektivi artıq növbəti məzuniyyəti başa vuraraq işə başlayıb. Bununla bağlı keçirilən toplantıda teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 50-ci yubiley mövsümü münasibətilə kollektivi təbrik edərək, yeni mövsümdə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə söz açıb. Bildirib ki, builki mövsüm teatr və Sumqayıt şəhəri üçün xüsusi önəm daşıyır. Ölkə başçısı Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Kollektiv oktyabr ayına nəzərdə tutulan yubiley tədbirinin keçirilməsi üçün hazırlıq işlərinə başlayır.
Vurğulanıb ki, Sumqayıt Dövlət Dram Teatrının yubileyi şəhərin adına və teatrımızın tarixinə layiq olmalıdır: “Əminəm ki, biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarım əsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə keçirəcəyik”.
Sonra teatrın rəhbəri daxili nizam-intizama riayət edilməsini xüsusilə qeyd edərək hazırlanan tamaşalar barədə məlumat verib, kollektivə yeni mövsümdə yeni sənət uğurları arzulayıb.
Kukla Teatrı əvvəlcə balacaları salamlayacaq
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümün ilk ayının repertuarını açıqlayıb. Teatr sentyabrın 15-də Şarl Perronun “Qırmızıpapaq” və “Durna balığı” rus xalq nağılının tamaşaları ilə balaca sənətsevərləri salamlayacaq. Ertəsi gün “Əlibaba və qırx quldur” ərəb xalq nağılı və “Şəngülüm, Məngülüm” Azərbaycan xalq nağılı nümayiş olunacaq. Repertuarda həmçinin A. Şaiqin “Tıq-tıq və Taq-taqın nağılı” (21 sentyabr), Kəmalə Ağayevanın “Göyçək Fatma” (22 sentyabr) və digər tamaşalar var.
Pantomima teatrının kollektivi yeni mövsümə hazırdır
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi 26-cı teatr mövsümünü sentyabrın 15-də “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək. Bundan başqa, sənət ocağında sentyabrın 16-da “Dejavü”, sentyabrın 22-də “Ağ bığlılar” və 23-də isə “Underground” tamaşaları oynanılacaq.
Həmçinin, sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da isə maarifləndirici tamaşa olan “Fəlakət və İnsan” və “Mənim balığımsan” adlı tamaşalar izləniləcək.
Qeyd edək ki, ötən teatr mövsümünə “İt gəzdirən xanım” tamaşası ilə yekun vurub. Leyla Atayevanın quruluşunda izlənilən sözügedən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırır.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan teatrı qısa fasilədən sonra rəngarəng səhnə əsərləri ilə yenə də teatrsevərlərin qonağı olacaq. Hazırlanan səhnə əsərləri bir daha göstərir ki, hər zaman yeniliyə can atan Azərbaycan teatrı ənənəsinə sadiqdir.
azertag.az