Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsi davam edir.
Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədlə təşkil edilib. Müsabiqənin məqsədi tətil ərzində yadda qalan, onların diqqətini çəkən, hadisə və məkanları, fiqur və ya epizodları uşaq və yeniyetmələrin təqdimatında tablo üzərində görməkdir.
İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru adlı elektron ünvanına göndərməlidirlər. Səkkiz nominasiyanın olduğu müsabiqəyə 12-17 yaş arası uşaqlar qatıla bilər.
Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlər seçiləcək.
Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.
azertag.az