Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümün açılışına hazırlaşır.
Teatrdan bildirilib ki, sənət ocağının yaradıcı kollektivi kollektiv tamaşaçılarını sentyabrın 15-də “Əlibaba və qırx quldur” tamaşası ilə salamlayacaq. İki seans olmaqla (saat 12.00 və 14:00) nümayiş olunacaq tamaşanın səhnələşdirmə və quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur. Artıq tamah və pula, vara, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur. Zəngin səhnə tərtibatlı və ecazkar Şərq elementli tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Tamaşada rolları aktyorlar Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edəcəklər.
Tamaşaçılar mövsümün açılışı günündə repertuardakı maraqlı nümunələrdən olan (saat 16:00) “Şəngülüm, Məngülüm”ü də izləyəcəklər. “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.
Xatırladaq ki, klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. İfaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda – Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar – çıxış edəcək.
Yaradıcı heyət yeni mövsümə premyera da vəd edir. Belə ki, sentyabrın sonunda tamaşaçılar rus bölməsi üçün hazırlanan “Üç cəsur”u izləyə biləcəklər. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. İlin sonunadək isə iki yeni tamaşa – türk nağıllarından “Keloğlan masalları” əsasında “Kəloğlan” və məşhur “Piter Pennin sərgüzəştləri” hazırlanacaq. Səhnə əsərlərinə teatrın baş rejissoru Qurban Məsimov və rejissor Anar Məmmədov quruluş verəcəklər.
azertag.az