Azərbaycanlı rəssamın əsərləri Normandiyada sərgilənir
18.9.2018

Fransanın Normandiya regionunun Villye-Sür-Mer şəhərində keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.

Sərgidə rəssamın “Uşaqlıq yuxuları” silsiləsindən “Qəlb”, “Xeyir-dua”, “Mələyin doğumu”, “Mexaniki məhəbbət” kimi 8 əsəri sərgilənir.

Rəssamın əsərləri Fransanın bir çox şəhərlərində və Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib.

Onun əsərləri həmişə professionallar və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir. N.Nərimanbəyova Parisdə “Qrand Pale”də keçirilən “Art en capital” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssam” statusunu qazanıb.

Qeyd edək ki, Villye-Sür-Mer şəhərində keçirilən sərgi “Stella Art International” assosiasiyası tərəfindən təşkil olunub. N.Nərimanbəyova artıq 6 ilə yaxındır ki, bu assosiasiya ilə əməkdaşlıq edir.

Sərgi sentyabrın 27-dək davam edəcək.


azertag.az