Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub.
Səfir Mərkəzlə Argentina səfirliyinin əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi birgə layihələrdən söz açıb, görülən işlərin dünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib: “Son üç il ərzində Azərbaycan Tərcümə Mərkəzi ilə səfirliyimizin ərsəyə gətirdiyi birgə layihələr ölkələrimiz və xalqlarımız arasında qırılmaz körpülər yaradıb. Argentina yazıçıları Adolfo Bio Kasaresin “Morelin ixtirası”, Mariya Elena Valşın “Dailan Kifki” kitablarının Azərbaycan dilində uğurlu nəşri və təqdimat mərasimləri həyata keçirilib. Məşhur Argentina yazıçısı Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərinin tərcüməsi və nəşri üzrə yekun işlər başa çatmaqdadır. Düşünürəm, Mərkəzlə səfirliyimiz arasında qurulan bu sıx əməkdaşlıq hələ çox fayda verəcək”.
Sonra Azərbaycanda səfirlik missiyasının yaxın günlərdə başa çatacağını bildirən diplomat Mərkəzlə əməkdaşlıqdan duyduğu xoş təəssüratını çatdırıb: “Səfir olduğum bu beş ildə Mərkəz tərəfindən göstərilən münasibət məndə dərin doğmalıq hissi yaradıb. Azərbaycandan sanki öz evimi tərk edən kimi gedirəm”.
Mərkəzlə birgə təməli qoyulacaq növbəti layihədən – Argentina milli rəqsi olan tanqonun tarixindən bəhs edən “El Tango una danza” (“Tanqo – bir rəqs”) kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrindən də söz açılıb. Bu kitabın Azərbaycan oxucusuna tanqonun tarixi ilə yaxından tanış olmaq imkanı yaradacağına və geniş oxucu kütləsinin marağına səbəb olacağına əminlik bildirilib.
Görüşün sonunda Argentina-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Karlos Dante Rivaya Mərkəzin təsis etdiyi “Mədəniyyət elçisi” fəxri diplomu təqdim olunub.
azertag.az