Türkiyənin ən iri “Dosso Dossi Fashion Show” moda evi Bakıda tekstil sərgisi təşkil edib
25.9.2018

Türkiyənin ən iri “Dosso Dossi Fashion Show” moda evi tərəfindən Bakıda təşkil edilmiş tekstil sərgisinin sabah sonuncu günüdür.

Təşkilatçıların verdiyi məlumatda bildirilir ki, məşhur türk brendlərini və 30 ölkənin tekstil bazarının topdansatış ticarəti nümayəndələrini bir meydana toplayan sərgi öz qapısını qonaqlara sentyabrın 16-da açıb. Burada Azərbaycan və qonşu ölkələrdən 4 minə yaxın insan iştirak edib.

Sərgidə payız-qış mövsümü geyimləri yer alıb. Xüsusi tekstil məhsullarının təqdim olunduğu stendlər Türkiyə və Azərbaycan toxuculuq sənəti nümayəndələri üçün mühüm məkan olub.

KİV nümayəndələri qarşısında çıxış edən “Dosso Dossi” şirkətinin baş direktoru Hikmət Əraslan Azərbaycana səfəri ilə bağlı xüsusi fərəhini bildirib: “Biz ötən il müxtəlif moda nümayişləri və möhtəşəm konsertlər keçirməklə, Bakıda festival atmosferi yarada bildik. Bu gün biz yenə də Bakıda, dostlarımızın əhatəsindəyik. Azərbaycan və Türkiyə xalqlarının ortaq dəyərləri çoxdur və biz burada özümüzü evimizdəki kimi hiss edirik. Moda dünyası “Bir millət – iki dövlət” konsepsiyasına öz töhfəsini verməklə Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirəcək”.

Xatırladaq ki, bugünədək “Dosso Dossi Fashion Show” moda nümayişlərində dünya podiumunun Adriana Lima, İzabeli Fontana, Miranda Kerr, İrina Şeyk, İzabel Qular, Ana Beatris Barros, Kendall Cenner, Lindsi Ellinqson, Erin Hiterton kimi ulduzları, həmçinin “Qırmızı agent” adı ilə tanınan rusiyalı aparıcı Anna Çapman iştirak ediblər.

Sərgi öz işini sentyabrın 25-də başa vuracaq.


azertag.az