Nəsimi Festivalı çəçivəsində "Qız Qalası" festivalı başlayıb
27.9.2018

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq "Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı" keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Festivalın proqramı parlaq və maraqlı layihələrlə zəngindir.

Bakı şəhərinin qədim hissəsi - İçərişəhərdə, Qız Qalasının qarşısındakı meydanda keçirilən "Qız Qalası" IX Beynəlxalq incəsənət festivalının iştirakçıları da Nəsiminin yaradıcılığını əks etdirən bədii əsərlər yaradırlar.

"Qız Qalası" Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi İçərişəhər ərazisində yerləşən Bakının rəmzi sayılan və 2000-ci ildə YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş Qız Qalasının dünyada təbliğindən ibarətdir.

Festivalda iştirak edən müxtəlif ölkələrdən rəssamlar Qız Qalasının maketlərini rəngləyirlər. Dünyanın müxtəlif şəhərlərində nümayiş olunan bu unikal işlər Azərbaycanın tarixi-memarlıq abidəsi olan Qız Qalasının təbliğində mühüm rol oynayır.

Bu il festivalda 17 rəssam iştirak edir, onlar qeyri-adi şah əsərlər yaradaraq böyük maraqla Qız Qalasının maketlərinin rənglənməsinə başlayıblar. Rəssamlar maketləri açıq səma altında bir neçə gün ərzində hazırlayacaqlar. Onların işləri şəhər sakinlərinin və çoxsaylı turistlərin diqqətini cəlb edir və heyranlıq doğurur.

Layihənin iştirakçısı rəssam Nərminə Vəliyeva: "Mən ilk dəfə Qız Qalası" festivalında iştirak edirəm. Bu il tədbir "Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı" çərçivəsində keçirilir, ona görə də rəssamların vəzifəsi Nəsimiyə həsr olunmuş bədii kompozisiyalar yaratmaqdan ibarətdir. Mənim işimin ideyası şairin ən məhşur əsərlərindən biri olan "Məndə sığar iki cahan..." əsərinə əsaslanır. Mənim kompozisiyamda kişi və qadın başlanğıcı, kosmos, flora və fauna... - bütün dünya göstərilib. Allahın yaratdığı hər şey. Nəsimi - mənim ən sevimli filosoflarımdan biridir və öz işlərimdə mən onun sənətinə artıq müraciət etmişəm".

Layihənin iştirakçısı rəssam Sayalı Məmmədova: "Mən öz işimdə kainatı belə göstərməyə çalışıram - mən çəkdiyim lentdə zamanın axarı ilə üzən və ya uçan insanlar təsvir edilib. Bu işə mən Nəsiminin poeziyasından ruhlanaraq gəldim. İstədim göstərim ki, insanlar öz vaxtını boş yerə sərf edirlər, onun qiymətini bilmirlər, amma həyatın hər anının qiymətini bilmək lazımdır.

Qız Qalasının və Nəsiminin böyük yaradıcılıq irsinin təbliğinə töhfə verən festivalın iştirakçısı olduğuma görə çox şadam. Festivalın təşkilatçılarına çox minnətdaram".

Layihənin iştirakçısı rəssam Günay Bəyalərova: "Mənim işim Nəsiminin fikirləri, ideyalarına həsr olunub. Bədii kompozisiya ideyası Nəsiminin qəzəllərinin təsiri altında formalaşıb. Mən maketi müxtəlif rənglərə boyayıram - bu mənim Nəsiminin dünyasını necə görməyimlə bağlıdır. Festival çox maraqlı keçir, turistlərin çox böyük diqqətini cəlb edir və onlar Nəsiminin yaradıcılığı və fəlsəfəsi haqqında daha çox öyrənirlər".

Layihənin iştirakçısı rəssam Röya Həsənova: "Nəsiminin poeziyası mənim yaradıcılığıma böyük təsir göstərir. Şair sona kimi öz əqidəsinə sadiq qaldı və mən onun bir çox baxışları ilə razıyam. Mən öz işimin eskizini əvvəlcədən fikirləşmişəm, lakin maketi yazdığım zaman mən bəzi şeyləri dəyişirəm. Mənim kompozisiyamın qəhrəmanının ətrafındakı budaqlar onun özündə birləşdirdiyi hər şeyi simvollaşdırır - həm gözəlliyi, həm əzəməti".

Qeyd edək ki, tədbir yaradıcılıq və dostluq şəraitində keçir, iştirakçılar öz işlərinin mövzusu, dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığından ilham almaları haqqında məmnuniyyətlə danışırlar.

trend.az