Mədəniyyət naziri virtuoz skripka ifaçısına “Əməkdar artist” fəxri adının vəsiqə və nişanını təqdim edib
27.9.2018

Mədəniyyət naziri Əbülfəs Qarayev gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, bu yaxınlarda respublikanın Əməkdar artisti adına layiq görülmüş Elvin Hoca Qəniyevi qəbul etdi.

Nazirlikdən bildirilib ki, Əbülfəs Qarayev Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunmuş ifaçını təbrik edərək “Əməkdar artist” fəxri adının vəsiqə və nişanını ona təqdim edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yaradıcı gənclərin mədəniyyətimizin təbliği və inkişafında xidmətlərini xüsusi qeyd edən nazir Elvin Hoca Qəniyevin bu sahədə fəaliyyətini yüksək qiymətləndirib.

Elvin Hoca Qəniyev çıxışında istedadlı gənclərə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Gənc virtuoz Azərbaycan mədəniyyətinin inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğuladı.

Qeyd edək ki, 21 yaşlı Elvin indiyədək bir çox müsabiqə və festivallarda uğur qazanıb. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Elvin Hoca Qəniyev bu günlərdə Almaniyanın paytaxtında keçirilən 2-ci Berlin Beynəlxalq Musiqi Müsabiqəsində qızıl medal qazanıb.


azertag.az