"Bakmil" stansiyası müvəqqəti bağlanır - SƏBƏB?
5.10.2018

Sabahdan “Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır.

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində oktyabr ayının 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq: "Sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər. Bu məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb".

B.Məmmədov bildirib ki, Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasının uzunmüddətli istismarı dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğularının yenilənməsi, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbidir.

Qurum rəsmisi əlavə edib ki, günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur: "Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir".

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

trend.az