Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji cəhətdən təmiz və abad həyətlərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə həyata keçirilən “Bizim həyət” layihəsinin davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 2-ci mikrorayon H.Seyidzadə küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu ünvanda 3 beşmərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilib, hər üç binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Məhəllədə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb və həyətə 300-dən çox həmişəyaşıl ağaclar əkilib. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 3 söhbətgah və 20 oturacaq quraşdırılıb. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılıb. “Abad həyət”in xüsusi bir guşəsində həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılıb.
“Abad həyət”in sakinlərin istifadəsinə verilməsi ilə əlaqədar tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə edilmiş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərəçarpacaq uğurlar qazanılıb.
“Abad həyət”in sakinləri Yusif Yusifov, Faiq Səmədov, Nəsibə Musayeva və digərləri çıxış edərək həyətlərində aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
azertag.az