Bakıdan Batumiyə birbaşa aviareys açılır
5.10.2018

“Buta Airways” aşağı büdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq.

Şirkətdən verilən məlumata görə, bu, loukosterin Gürcüstanda 2-ci istiqaməti olacaq.

Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir, 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Qeyd edək ki, cari ilin 6 oktyabr tarixindən etibarən loukoster həmçinin Türkiyə kurortu İzmirə reyslər yerinə yetirməyə başlayacaq.

report.az