Bakıda Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yekunlaşıb.
Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriyaları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriyaları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriyaları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriyaları arasında yarışlar keçirilib.
Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak ediblər. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edib.
Kişilər arasında birinci yerin sahibi Rusiyanı təmsil edən Roman Semyonov olub. Gümüş medalın sahibi azərbaycanlı gimnast Vladimir Dolmatov, bürünc medalın sahibi isə Azərbaycan təmsilçisi Elçin Məmmədov olub.
Qadınlar arasında qızıl medalı ukraynalı Anastasiya İsayenko qazanıb. İkici və üçüncü yerləri müvafiq olaraq rusiyalı gimnastlar Tatyana Konakova və Mariya Tereşina bölüşdürüb.
Bundan başqa, Azərbaycan üçlüyü - Elçin Məmmədov, İmran İmranov və Emil Quliyev yarışda ikinci yeri tutub. Birinci yerin sahibi rusiyalı gimnastlar olub.
Qruplar arasında birinci yerin sahibləri azərbaycanlı gimnastlar Elçin Məmmədov, İmran İmranov, Vladimir Dolmatov və Nərminə Hüseynov olublar.
trend.az