Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA
8.10.2018

Azərbaycanda yeni tədris ili başlayandan tələbələrin yataqxanalarda yerləşməsi məsələsi də gündəmə gəlir. Bəzi universitet yataqxanalarına müraciətlərin iyun ayından başlamasına baxmayaraq, qeydiyyat bu gün də davam edir.

Trend Azərbaycandakı ali təhsil müəssisələrinin yataqxanalarının vəziyyəti və bu yerləşdirmə obyektlərinə tələbatla maraqlanıb.

Azərbaycan Dillər Universitetinin (ADU) tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov bildirib ki, ali məktəbin fəaliyyətdə olan yataqxanalarında hazırda 190 nəfərdən artıq tələbə qalır:

“Universitetin iki yataqxanası var. 1 saylı yataqxana Ceyhun Hacıbəyli küçəsində yerləşir, uzun zamandır burada məcburi köçkünlər məskunlaşıb. Abbas Mirzə Şərifzadə, 4 ünvanında yerləşən 2 saylı yataqxana isə ancaq qızlar üçün nəzərdə tutulub. Həmin yataqxanada 205 tələbə üçün yer var”.

S.Hüseynov qeyd edib ki, ADU-nun 2 saylı yataqxanasında başqa universitetlərdə olan 15 nəfərə yaxın tələbə də qalır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mənsur İbrahimov Trend-ə deyib ki, ali məktəbdə daha çox qızlar oxuduğu üçün yataqxanalarda da qalan tələbələrin çoxu qızdır:

“ADPU-nun Dərnəgül qəsəbəsində 4 yataqxanası var. Sovet dövründən inşa edilmiş binalarda məcburi köçkünlər məskunlaşıb. Əlavə olaraq universitetin 2 nömrəli tədris binasında yataqxana var. Bu yataqxanada təqribən 200-ə yaxın tələbə yerləşir”.

M.İbrahimov bildirib ki, tədris binasının yataqxanasında yer az olduğundan hər kəsi bura qəbul etmək mümkün olmur: “Üstünlük daha çox az təminatlı ailələrə, şəhid ailələrinə, məcburi köçkünlərin övladlarına verilir”.

Azərbaycan Tibb Universitetinin (ATU) isə ümumi tutumu 1256 nəfər olan 5 yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxanalar son 4 ildir ödənişli fəaliyyət göstərirlər.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın Trend-ə verdiyi məlumata görə, yataqxanalar təmirdən təzə çıxdığından şərait yaxşıdır və aylıq ödəniş haqqı 50 manatdır: "Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələr isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır".

G.Aslanova onu da qeyd edib ki, hazırda 3 saylı qızlar yataqxanası əsaslı təmirə dayandırılıb: "Tədris ili başlayandan 512 nəfər artıq qeydiyyatdan keçib. Onlardan 200 nəfəri əcnəbi tələbədir. Digər illərə nisbətən bu il müraciət azdır. Buna səbəb 9 mərtəbəli qızlar yataqxanasının təmirə dayanmasıdır”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, ali məktəbin tərkibində hazırda bir yataqxana binası fəaliyyət göstərir və burada yerli tələbələrlə yanaşı, xaricilər də qalır:

“Sovet dövründə ADNSU-da 1500-ə yaxın əcnəbi tələbə oxuduğundan ali məktəb üçün 7 yataqxana tikilmişdi. Lakin hazırda həmin 7 binadan 6-sı sökülüb, əvəzində 1000 nəfərədək tutumu olan, müasir standartlara uyğun yataqxana kompleksi inşa edilir. Yerdə qalan 320 nəfərlik bir yataxana binası isə əsaslı təmir olunaraq tələbələrin istifadəsinə verilib. Həmin yataqxanada yerli tələbələrlə yanaşı, əcnəbilər də var, hətta xarici tələbələr üstünlük təşkil edir”.

B.Nəzərov əlavə edib ki, 320 nəfərlik yataqxanada Türkmənistan, Pakistan, Çin, İran və digər ölkələrdən olan tələbələr var. Əcnəbi tələbələr həmin yataqxanada ödənişli əsasda qalırlar.

Bakı Dövlət Universitetindən isə bildiriblər ki, yaxın gələcəkdə yeni yataqxanaların tikilməsi nəzərdə tutulur.


trend.az