Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 11 oktyabr - Ümumdünya Görmə Günü münasibətilə növbəti aksiyasını Şəki şəhərində keçirəcək.
Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, aksiya oktyabrın 11-12-də təşkil olunacaq. Aksiyanın məqsədi Şəki sakinlərinin gözləri ilə bağlı yaranan problemlərinin həllinə kömək göstərmək, onları vaxtında müayinə və müalicə etmək, ehtiyac yarandığı zaman isə cərrahiyyə əməliyyatı etməkdir.
Y.Abdiyeva qeyd edib ki, daha ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.
Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb briqadası vaqonda bir gün ərzində 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.
trend.az