Dünyada tayı-bərabəri olmayan xalça Azərbaycanda hazırlanıb
31.1.2013

«Kəhkəşan» adlı xalçanın hazırlanmasında 725-qiymətli daş-qaş və 1300 qram qızıldan istifadə olunub.

Kəhkəşan xalçaçı rəssam Eldar Mikayılzadənin yeni və orijinallığı ilə seçilən əsəri məhz belə adlanır. Qeyri-adi xalçanın əsas özəlliyi onun qızıl saplarla toxunması və qiymətli daşqaşlarla bəzədilməsindədir.

Xalçanın tən ortasında ulduzların sistem cədvəli, göy qatlarının yazılışı, və 12 bürc və planetlər yer alıb. Ümumiyyətlə xalçanın ərsəyə gəlməsi üçün çoxlu ədəbiyyat oxunub. Xalçanın üzərində 7 rəngli 725 qaş var. Bu qaşlar qızıl arğaclarla saxlanılıb. Onun da çəkisi 1-kqdan çoxdur.

Toxunmada qızıl arğaclardan ona görə istifadə olunub ki, xalça üzərindəki, ağ, sarı, qırmızı, mavi, rəngli qaşları yalnız o saxlaya bilər.

Müəllif «Kəhkəşan» adını verdiyi bu qeyri adi xalçanı yaratmaq ideyasından danışarkən deyib ki, tarixdə bu cür xalça ilk dəfə təqribən 1400 il əvvəl toxunub. Lakin sonralar müharibələr nəticəsində məhv edilib.

Bu haqqda müxtəlif tarixi qaynaqlarda məlumatları əldə edən müəllif belə bir xalçanın toxumaq qərarına gəlib.

Dünyanın yaranışından ən yüksəkdə duran ulduzlara qədər hər bir kainat cismini özündə əks etdirən xalça 5 ilə ərsəyə gətirilib. Bütün astronomik məlumatları əldə edən müəllif daha sonra eskizləri çəkib. Toxunma işləri isə 2 il 1 ay 10 günə tamamlanıb.

Qeyd edək ki, Kəhkəşan əsəri geniş ictimaiyyətə tikilməkdə olan xalçaçılıq müzeyi hazır olduqdan sonra təqdim ediləcək.

Big.az