Azərbaycana “Qalalar yurdu” desək, mübaliğə olmaz. Abşerondan Qarabağa, Naxçıvandan Qubaya, Zaqataladan Lənkərana qədər – bir sözlə, vətənimizin dörd bir yanında müxtəlif dövrlərdə tikilmiş müxtəlif memarlıq xüsusiyyətlərinə malik qalalarla rastlaşmaq mümkündür. Bu qalaların bir çoxu yaşlıları, qadınları, uşaqları düşmən hücumundan müdafiə edib, etibarlı sığınacaq olub, düşmən həmləsini qabaqcadan öyrənmək, yaxın ellərə təhlükə barədə xəbər vermək üçün müşahidə məntəqəsinə çevrilib. Bu qalalar nələrə şahid olmayıb ki?..
Hər daşında, küncündə bir tarix yatır bu qalaların. Elə qalalar var ki, günümüzə qədər gəlib çatıb, eləsi var ki, yalnız bir hissəsi qalıb. Amma dağlarda, əlçatmaz yerlərdə elə qalalarımız da var ki, onlardan çox kiçik fraqment qalıb, axtarsan, adı, tarixi barədə məlumat əldə edə bilməzsən. Araşdırılmayan bu qala fraqmentləri zaman-zaman tarixə qovuşur; əlimizə götürdüyümüz daşlardan birinin nə vaxtsa dağ başında ucaldılmış əzəmətli qaladan qopub gəldiyinin fərqinə varmırıq, vara da bilmərik...
Maraqlıdır, elə qalalar da var ki, bu gün onlardan əsər-əlamət yoxdur, lakin adı tarixdə qalıb, nə zaman, hansı məqsədlə, harada tikildiyi, nə vaxt və niyə dağıldığı, yaxud dağıdıldığı məlumdur. Qısası, hər qalanın da insan kimi öz ömrü, missiyası var.
Qalalara biganəlik də öldürür onları. Bəli, baxımsızlıqdan dağıla-dağıla gedir qalalar. Bu, hər birimizin gözü qarşısında baş verir, amma heç nə edə bilmirik. Aidiyyəti qurumlara müraciət etsək də, nəticəsini görmürük. Və beləcə, tariximizin bir hissəsini öz əllərimizlə gömürük qara torpağa!
Qax rayonunun dağlıq əraziləri də tarixi abidələrlə zəngindir. Burada Alban dövrünün ən qədim tikililərinə də rast gəlmək olar, müxtəlif dövrlərə aid qalalara da. O qalalardan biri də tarixi belə dəqiq məlum olmayan Sirt qalasıdır. Qalanın adının kürək, yəni arxa-dayaq mənalarını verən “sırt” sözündən götürülməsi versiyası daha ağlabatandır.
Sirt qalası tarixi Qum kəndinin yuxarı hissəsində, indiki Çinarlı kəndinin hündür yerində, təpədə bərqərar tutub. İnşa tarixi təqribən 7-8-ci əsrlərə (bu da dəqiq deyil) aid edilir. Bişmiş kərpicdən tikilib.
Qala tağlarla əhatəli dörd bürcdən ibarət olub. Bu bürclərdən yalnız biri dövrümüzə gəlib çatıb. Digər 3 bürcün təbii təsirlər nəticəsində uçulduğu bildirilir. Təbii ki, vaxtında aparılan bərpa-möhkəmləndirmə işləri ilə dağılma prosesinin qarşısını almaq olardı, amma təəssüf ki, belə bir təşəbbüs olmayıb, olsa da, əhəmiyyət verilməyib. Və yenə də təəssüf ki, bir zamanlar insanların təhlükəsiz yaşamasını təmin edən Sirt qalasına indi insanlar, necə deyərlər, "sırt çevirib"...
Müxtəlif vaxtlarda həm müdafiə, həm də müşahidə məntəqəsi kimi istifadə olunub. Buradan Çinarlı, həmçinin Qum kəndini rahat şəkildə müşahidə etmək olur. Mənzərə heyranedicidir, ətraf yaşayış məntəqələri sanki ovcunun içindədir.
Dar və yoxuş cığırlarla çatdığımız Sirt qalasından yuxarıda, qarşıdakı dağın zirvəsində, bəlkə də digər tərəfində (hər halda gözlə görünmür) daha bir qalanın olduğu bildirilir. Yerli sakinlər həmin qalanı Taxtaqala adlandırırlar, eyni zamanda qalaya çatmağın çox müşkül olduğunu deyirlər.
Ümumilikdə, Sirt qalası haqqında ətraflı məlumat yoxdur, bu tarixi tikili barədə, demək olar, araşdırma aparılmayıb.
trend.az