Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ötən illə müqayisədə “Doing Business-2019” hesabatında Azərbaycanın 32 pillə yüksələrək reytinqdə 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına münasibət bildirib.
Palatanın icraçı direktoru xanım Natəvan Məmmədova qeyd edib ki, öz mövqeyini 25-ci yerə qədər yaxşılaşdırmış Azərbaycan rekord sayda – 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstəricidir: “Bu göstərici ölkəmizdə biznes mühitinin inkişafı üçün həyata keçirilən növbəti islahatların bariz nəticəsi, eyni zamanda Strateji Yol Xəritələrində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir”.
Onun sözlərinə görə, sahibkarlığa dəstək məqsədilə aparılan islahatlar biznes mühitinin bütün sahələri, xüsusilə də biznesə başlama, tikinti üçün icazələrin alınması, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı və bir sıra başqa sahədə müsbət dəyişikliklərə şərait yaradıb.
“Hesabatın nəticələri ölkəmizə daha çox xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradacaq. İnanırıq ki, iqtisadiyyatın rəqabətliliyinin artırılması və dayanıqlı inkişafı təmin edilməsi üçün iqtisadi islahatlar bundan sonra da davam etdiriləcək. Yaxın gələcəkdə Rəqabət Məcəlləsi, İnvestisiya Fəaliyyəti haqqında yeni qanunun qəbulu və gözlənilən vergi islahatları ölkəmizin biznes mühitinin inkişafına növbəti töhfə olacaq və beynəlxalq hesabatlarda Azərbaycanın reytinqinin daha da yüksəlməsinə rəvac verəcək”, - deyə N.Məmmədova bildirib.
Natəvan Məmmədova həmçinin, “AmCham Azərbaycan”ın bu məqsədlə hökumətlə əməkdaşlıq etməyə və Palatanın öz təcrübə və biliklərini bölüşməyə hər zaman hazır olduğunu da ifadə edib.
“AmCham Azərbaycan” ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəalliyyət göstərən 280-dən çox üzv və köməkçini özünü birləşdirir. “AmCham Azərbaycan” ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.
trend.az