Azərbaycan Prezidenti İlham Əliyevə əməyimi yüksək qiymətləndirdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Sənətkar üçün belə yüksək ada layiq görülmək ən böyük zirvədir.
Bu sözləri Rusiya Böyük Teatrının solisti Elçin Əzizov “Azərbaycanın Xalq artisti” fəxri adının vəsiqəsinin və döş nişanının bu ölkədəki səfirimiz Polad Bülbüloğlu tərəfindən təqdimatından sonra söyləyib.
Təqdimat Rusiya Böyük Teatrında Pyotr Çaykovskinin “Pikovaya dama” əsərinin nümayişindən sonra keçirilib. Tamaşada iki baş kişi rolunu soydaşlarımız – Elçin Əzizov və Yusif Eyvazovun ifa etməsi olduqca qürurvericidir.
“İki azərbaycanlının, iki Azərbaycanın Xalq artistinin Rusiya Böyük Teatrının səhnəsinə çıxması çox böyük nailiyyətdir və mən bununla fəxr edirəm”, - deyə E.Əzizov vurğulayıb.
Azərbaycanı dünya səhnələrində təmsil etməyin böyük şərəf olduğunu söyləyən Azərbaycanın Xalq artisti Yusif Eyvazov deyib: “Bu il dünya turuna çıxmışdıq və Azərbaycanı təkcə Böyük Teatrın səhnəsində deyil, dünya teatrlarının səhnələrində də təmsil edirdik. Azərbaycan bizim Vətənimizdir və Azərbaycan kimi bir ölkəni təmsil etməkdən qürur duyuruq. Nə qədər ki, biz oxuyuruq, həmişə belə olacaq!”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, bu yaxınlarda Dinara Əliyevaya da Böyük Teatrın səhnəsində “Azərbaycanın Xalq artisti” fəxri adının nişanı təqdim edilib. “Bu gün Azərbaycan vokal məktəbinin üç nümayəndəsi bütün dünyada, o cümlədən Böyük Teatrın səhnəsində parlayır. Bu, böyük uğurdur”, - deyə səfir bildirib.
azertag.az