Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
18.12.2018

Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi davam edir. Sərgi ilə tanış olmaq üçün hər gün buranı çoxlu insan ziyarət edir. Cəmiyyətin hər təbəqəsindən olan ziyarətçilər sərgidən xoş təəssüratlarla ayrılır. Əməkdaşımız da sərgini ziyarət edənlər arasında olub, onların sərgi haqqında təəssüratlarını öyrənib.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Bakı şəhər sakini Vaqif Nəsirov görkəmli rəssamın yaradıcılığından yüksək zövq aldığını bildirib: “Tahir Salahov həqiqətən də böyük rəssamdır. Mən Tahir müəllimi şəxsən tanıyıram. Gənc yaşlarımdan onun əsərləri ilə maraqlanmışam. O, həqiqətən xalqına, millətinə başlı yaradıcı insandır. Onun əsərlərinə dərin məna, yüksək keyfiyyət, böyük peşəkarlıq, sənətə sonsuz sevgi müşahidə edilir. Tahir müəllim, beynəlxalq səviyyədə tanınan görkəmli rəssamdır. Onun bütün üslublarda yaratdığı sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. Bu gün biz də özümüzə borc bildik ki, gəlib bu sərgini ziyarət edək. Sərgidə nümayiş edilən hər bir əsər möhtəşəmdir. Burada bütün əsərlər özünəməxsusluğu və cəlbediciliyi ilə insanı məftun edir. Biz xalqımızın bütün görkəmli şəxsiyyətləri ilə qürur duyuruq”.

Sərgini rəhbəri odluğu 10 nömrəli uşaq musiqi məktəbinin kollektivi ilə birgə ziyarət edən Qafar Nuriyev görkəmli rəssamın əsərləri ilə bağlı söyləyib ki, Tahir Salahov səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizdə yeni səhifələr açıb.

“Tahir müəllim milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri ilə Azərbaycan təsviri sənətinə dünyada böyük şöhrət qazandırıb. O, xalqımızın dahi sənətkarlarındandır. Dünya şöhrətli rəssamımız yaratdığı portretlərdə xalqlımızın görkəmli şəxsiyyətlərini hər zaman ön planda təqdim edir. Sərgiyə baxdıqda da bunun bir daha şahidi oluruq. Onun mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirləri təlqin edir. Ekspozisiyada yer alan ulu öndər Heydər Əliyev, Rəsul Rza, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli tarixi şəxsiyyətlərimizin portretinə baxdiqda mənəvi zövq aldım. Bu əsərlərin hər birinin özünəməxsus yüksək dəyəri var. Sərginin təşkilində əməyi olan hər kəsə, xüsusilə dövlətimizin başçısına təşəkkür edirik”, - deyə Qafar Nuriyev vurğulayıb.

Ruhulla Axundov adına Mədəniyyət evinin rejissoru Vəfa Rəfiyeva qeyd edib ki, Tahir Salahovun Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərləri bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. O əsərlərdən bir qisminin bu gün Bakıda nümayiş edilməsi olduqca təqdirəlayiqdir. V.Rəfiyeva söyləyib ki, görkəmli rəssamın mühüm mədəni hadisəyə çevrilən fərdi sərgiləri Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğində böyük rol oynayır.

“Tahir Salahov böyük rəssamdır. Bir yanda sıralanan əsrarəngiz orijinal portretlər, digər tərəfdə onların xalçalar üzərinə həkk edilmiş sürəti bizi valeh etdi. Bu gün onun əsərlərinin canlı şahidi olmaq mənim üçün çox böyük xoşbəxtlikdir. Burada hər şey möhtəşəmdir. Ümumiyyətlə sərgi mərkəzi özü gözəl təşkil olunub. Bizə belə bir şərait yaratdığı üçün təşkilatçılara təşəkkür edirik”, - deyə V.Rəfiyeva deyib.

Sərgini ziyarət edənlərlə söhbət etdikcə, burada nümayiş olunan əsərlərə baxdıqca bir daha anlayırsan ki, Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasında qərarlaşır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Görkəmli rəssamın sərgidə yer alan hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Bu səbəbdən də onun sərgisi həmişə bir mədəniyyət hadisəsinə çevrilir. İnsanlar Tahir Salahovun əsərlərinə baxmaqdan doymur və ona olan sonsuz sevgilərini ifadə etməkdən yorulmurlar. Bu gün də havanın yağmurlu və soyuq olmasına baxmayaraq, Tahir Salahov sənətinə sonsuz sevgi Bakı Ekspo Mərkəzinə yüzlərlə insanı bir araya toplamışdı.

Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur. Dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alır. Sərgidə təqdim olunan fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir. T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Onlardan “Heydər Əliyevin portreti” “Qədim Bakı”, “Vyana stulu ilə natürmort”, “Fikrət Əmirovun portreti”, “Mirzə Ələkbər Sabirin portreti”, “Rəsul Rzanın porteri” və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək olar.

Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Tahir Salahov haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab olunur. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir. Böyük sənətkarın heyrətamiz portret yaradıcılığı isə sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanıb. O, Vətənə məhəbbət dolu silsilə lövhələr, peyzajlar və natürmortlarında insanın təbiətlə dərin məna kəsb edən ahəngdar mənəvi vəhdətini əks etdirməyə müvəffəq olub. Onunla hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının arasında öz dəstxəti, nüfuzu ilə seçilən belə bir sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında xoşbəxtlikdir.

azertag.az