Fevral ƏN SOYUQ ay olacaq - Umayra Tağıyeva AÇIQLADI
24.12.2018

"Avropa Orta müddətli proqnozlar mərkəzinin məlumatına əsasən, bu il qış fəslində temperatur çoxillik norma göstəricilərdən 0.5 dərəcə arasında yüksək olacaq.

Ümumiyyətlə, Qafqazda bu il qışın çox sərt keçməsi gözlənilmir".

Bu sözləri publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva yanvar, fevral aylarında şaxtalı günlərin müşahidə ediləcəyini də istisna etməyib:

"Ümumdünya Meteorologiya təşkilatının üzvü olan 5 mərkəzdə bu məlumatlar verilir. Fəsillik proqnozları hazırlamağa hər bir ölkənin imkanı yoxdur. Dünyada 5 mərkəzdə hazırlanan bu proqnozlardan bütün dünya istifadə edir. Bu məlumatlara istinad edərək bu il Azərbaycanda qışın sərt keçməsinin gözlənilmədiyini deyə bilərik. Buna baxmayaraq, yanvar və fevral aylarında ayrı-ayrı günlərdə şaxtalı günlər müşahidə ediləcək, qar da yağacaq. Çoxillik meteoroloji müşahidələri analiz etsək qış fəsli üçün orta minimal temperatur müsbət - 3.2 dərəcə təşkil edir. Bakı və Abşeron yarımadasının coğrafi mövqeyi, Xəzər dənizinin mövcudluğu burada qışın sərt keçməsi üçün əlverişli şərait yaratmır. Yalnız ayrı-ayrı illərdə arktik hava kütlələrinin daxil olması ilə əlaqədar olaraq havanın temperaturu dekabr ayında mənfi olur. Bakıda 1961-2017-ci illərdəki minimal temperaturları təhlil edərək qış fəslində ən soyuq ayı müəyyən edə bilirik.

Təhlillər göstərir ki, qeyd etdiyim dövr ərzində fevralı ayında 302 gün temperatur mənfi olub. Bu da yanvar ayı ilə müqayisədə 18 gün çoxdur. Ən az şaxtalı günlər dekabr ayında müşahidə edilir. Bakıda ən çox şaxtalı günlər fevral ayında müşahidə edilib - 44 faiz, yanvar ayına 42 faiz, dekabr ayına isə 14 faiz düşür".

U.Tağıyeva son on illiklərdə şaxtalı günlərin sayı azaldığını deyib:

"Şaxtalı günlərin sayında ən çox azalma yanvar ayında müşahidə edilir, çox istiləşmə qeydə alınır. 1961-1990-cı illərdə ən soyuq ay yanvar ayı hesab edilirdi. Son onilliklərdə dəyişiklik olub və artıq fevral ən soyuq ay kimi səciyyələnir. Bununla yanaşı, soyuq hava dalğalarının sayında da azalma müşahidə edilir. Qış fəslini səciyyələndirəndə bu aylarda temperaturun mülayimləşdiyi müşahidə edilir.

Buna baxmayaraq, son onilliklərdə rekord göstəricilər yenilənib. Bu o deməkdir ki, iqlim dəyişmələri ilə bağlı anomal hadisələr daha tez-tez müşahidə edilir, eksterimal şaxtalı günlər də anomal hallardan biridir.

Yüzillik meteoloji müşahidələrə görə, dekabr ayında 1961-1990-cı illərdə ən aşağı temperatur Bakı üçün mənfi 4.6 dərəcə idi, son illərdə bu rekord təzələnib 5.5 dərəcə olub. Ümumi istiləşmə fonunda rekord şaxtalar ayrı-ayrı illərdə qeydə alınır. Fevral ayında ən aşağı temperatur 1969-cu ildə olub - mənfi 9.6 dərəcə, 2012-ci ildə bu göstərici yenilənib və mənfi 11 dərəcə olub. Bu, fevral ayı üçün rekord göstəricidir. Yanvar ayı nisbətən mülayimləşdiyinə görə belə soyuq qeydə alınmayıb".

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə baş verən dəyişmələrin hamısını qlobal iqlim dəyişmələri problemi ilə əlaqələndirirlər:

"Dünyada hidreometorologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, qış fəslində şimal yarımkürəsində minimal temperaturun yüksəlmə tempi artır, şaxtalı günlərin sayı azalır. Azərbaycanda aparılan tədqiqat işləri də ölkəmizdə də bu tendensiyanın müşahidə edildiyini deməyə əsas verir. Ümumi istiləşmə fonunda ən soyuq ay artıq fevral ayı hesab edilir".

Saglamolun.Az