Nazir: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır
25.1.2019

Xarici işlər naziri Elmar Məmmədyarov və Latviya xarici işlər naziri Edqars Rinkeviçs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E.Məmmədyarov məktubda Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı E.Rinkeviçsi təbrik edib, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb. Məktubda E.Məmmədyarov Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd edib, hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Latviya xarici işlər naziri E.Rinkeviçs Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib.

Azərbaycanla Latviya arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub.

trend.az