Smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər
25.1.2019

Birləşmiş Ştatların Virciniya Universitetinin alimlərinin qənaətinə görə, smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər. İnsanın “ağıllı telefon”dan həddindən artıq istifadə etməsi onun psixikasında qeyri-sabitliyin göstəricisi sayılır. Bu kontekstdə diqqət və hiperaktivliyin yetməzliyi sindromu önə çıxır.

Tədqiqatçılar smartfon istifadəçisi olan gənclərin üç qrupunun üzərində eksperiment aparıblar. Alimlər onları telefonlarını vibrasiya, səssiz və tam səsli rejimlərdə istifadə edənlərə bölüblər. Bir neçə həftədən sonra məlum olub ki, tez-tez telefonu ilə məşğul olanlarda diqqət və hiperaktivlik yetməzliyi özünü daha çox büruzə verir.

Daha bir eksperiment Vankuverdəki elm muzeyində uşaq və valideynlərin iştirakı ilə keçirilib. Onların bir hissəsi alimlərin xahişi ilə ekskursiya zamanı telefonlardan tez-tez, digərləri isə az istifadə etməli olublar. Nəticədə smartfondan çox istifadə edənlər ekskursiyadan sonra bəyan ediblər ki, onlar üçün muzeydə keçirdikləri vaxt yaddaqalan olmayıb.

Alimlər hesab edirlər ki, smartfonun insanları birləşdirmək üzrə əsas funksiyası itmək üzrədir. İndi mobil cihaz sosial təcridolunmaya və psixi pozuntuların inkişafına səbəb olur. “İnsanlar informasiya üçün smartfona nə qədər çox müraciət edirsə, tanış olmayan adamlara, qonşularına, digər dinlər və millətlərin nümayəndələrinə bir o qədər az etibar edirlər”,-deyə alimlər vurğulayır.

azertag.az